Dilavər Əzimlidən Dövlət Məmmədova: “Ağılına gələni yazıb”

0
550

“Yəqin ki, Dövlət Məmmədov Gədəbəylə bağlı həmin materialı ermənilər tərəfindən dəyişdirilən Gürcüstanın arxivlərindən tapıb yazıb”.

AzadFikir.com xəbər verir ki, bunu Publika.az-a açıqlamasında tarixçi-alim Dilavər Əzimli bildirib.

D.Əzimli Dövlət Məmmədovun iddialarını rədd etdiyini deyib:

“O, ağılına gələni yazıb. Yəqin ki, hansısa rus-gürcü kitabını köçürüb. Məndə olan məlumata görə bəzi tarixçi-alimlərdən mənbə istəyib. Dövlət Məmmədov deyir ki, guya Axundov adına Milli Kitabxanada mənbə var və sairə. Ancaq bununla bağlı Axundov adına Milli Kitabxanada mənbə ola bilməz. Gürcüstanın arxivlərində müəyyən sənədlər var ki, onlara ermənilər müdaxilə edərək, dəyişdiriblər. Yəqin ki, Dövlət Məmmədov da həmin materialları haradasa görüb, yazıb”.

Tarixçi-alim qeyd edib ki, Dövlət Məmmədovun Gədəbəylə bağlı işlətdiyi “İran” və “erməni” ifadələri tamamilə yanlışdır:

“Bu adam artıq anlamalıdır ki, hazırda Azərbaycanın müstəqil tarixşünaslığı yenidən dərinləşdirilir. Tarix İnstitutu Azərbaycanın dövlət xəttini əsas tutaraq, mənbələri Vətən maraqları baxımından yenidən işləyir.

O dövrdə İran sözü işlənməyib. Bunu tarixi faktlar da sübut edir. Dövlət Məmmədov isə “İran şahı” sözünü işlədir.

Onun ikinci böyük səhvi isə “erməni” sözünü işlətməsidir. Adama başa salan lazımdır ki, erməni ayrı, alban ayrıdır. Dövlət Məmmədov bu cür fikirlərlə erməni dəyirmanına su tökür. Adamın nə ixtisası tarixçi deyil, nə də bu sahədə təcrübəsi yoxdur. Ağılına gələni danışır. İnanın, bəzən AMEA-nın Tarix İnstitutuna elə adamlar gəlir ki, adam görüb təəccüblənir. Gəlib tarixdən kitab yazmaq istəyirlər. Soruşursan ki, siz kimsiniz, ixtisasınız nədir? Deyir ki, həkim-psixoloq. Deyirəm ki, gedin həkimliyinizlə məşğul olun. Bu şəxs də onlardandı”.

Xatırladaq ki, “Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədovun irəli sürdüyü bir iddia sosial şəbəkədə ciddi müzakirələrə yol açıb.

O, feysbukda Gədəbəy rayonunun tarixinə aid məlumatı müzakirəyə çıxarıb. Məlumatda bildirilir:

“İran şahı Gədəbəyi erməni Ohon bəyə bağışlayır…1696-cı ildə İran şahı Gəncə bəylərbəyliyinə məktub göndərərək bildirir ki, ərazini Gədəbəy əhalisi ilə birgə Osmanlı Türkiyəsinə qarşı müharibədə xüsusi fərqlənən, Naxçıvanda yaşayan Ohon bəyə bağışlayır və Gədəbəydə yaşayan əhalidən yığılan bütün vergilər də ona çatır”.

Şərhlər

Şərhlər

loading...